Hipertoniya: yaranma səbəbləri və beyin damarlarına təsiri
Hipertoniyanın riskini yaş, xolesterin, piylənmə, diabet və duzlu qida artırır; nəzarətsiz təzyiq beynin incə damarlarını zədələyir.
Qan təzyiqinin qalxmasının başlıca səbəbi qan axınını çətinləşdirən kiçik damarların mənfəzinin daralmasıdır. Sadə dillə desək, bu zaman qan damarlarının divarlarına təzyiq artır və arterial təzyiq yüksəlir, çünki ürək əzələsi qanı damarlara itələmək üçün daha çox qüvvə sərf edir.
Hipertoniya riskini hansı amillər artırır?
- Yaş
- Yüksək xolesterin səviyyəsi
- Qohumlarda ürək-damar xəstəliklərinin olması
- Siqaret çəkmək
- Piylənmə
- Şəkərli diabet
- Oturaq həyat tərzi
- Yağlı və duzlu yeməklərdən, un məmulatlarından və şəkərdən çox istifadə
Birincili və ikincili hipertoniya nədir?
Hipertoniya birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır. İkincili hipertoniya digər orqanların zədələnməsi nəticəsində yaranır. Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə və böyrəyin damar sistemində baş verən dəyişikliklər (böyrək arteriyasının stenozu), həmçinin böyrəküstü vəzdəki patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Nəzarətsiz təzyiq beyinə necə təsir edir?
Bir çox insan şiddətli baş ağrısını və xroniki baş gicəllənməsini adi yorğunluq, stress və ya hava dəyişikliyi ilə əlaqələndirir. Belə şikayətlərlə müraciət edən xəstələrin MRT müayinəsində bəzən beyin toxumasında damar dəyişiklikləri aşkar olunur və əksər hallarda bu dəyişikliklərin kökündə nəzarətsiz qalan arterial təzyiq dayanır.
Yüksək təzyiq illər boyunca beynin incə damarlarını zədələyir, onları zəiflədir və beyin hüceyrələrinin qidalanmasını pozur. Xəstələr yüksək təzyiqə öyrəşdiklərini deyirlər, lakin təzyiqin hər qalxıb-düşməsi beyindəki kiçik damarlarda zədələnmə və ya tutulmalar yarada bilər. Buna tibbi dildə mikroangiopatiya və işemik ocaqlar deyilir. Vəziyyətə vaxtında nəzarət edilməzsə, insult riski yaranır.