Baş gicəllənməsi, vertiqo və ataksiya: fərqi və səbəbləri
Qəfil başlayan baş gicəllənməsi yerimə pozğunluğu, ikiqat görmə və ya nitq pozğunluğu ilə birlikdədirsə, təcili nevroloji müayinə lazımdır.
Baş gicəllənməsi və müvazinəti saxlaya bilməmək çox vaxt eyni şikayət kimi qəbul edilir. Lakin nevroloji baxımdan bunlar müxtəlif mexanizmlərlə yaranan, bəzən isə təcili qiymətləndirmə tələb edən əlamətlərdir.
Baş gicəllənməsi özünü necə göstərir?
Baş gicəllənməsi olan insanlar bu vəziyyəti müxtəlif cür təsvir edə bilərlər:
- Yalançı hərəkət və ya fırlanma hissi (vertiqo)
- Yüngül başgicəllənmə və ya halsızlıq
- Tarazlığın itirilməsi
- “Üzmə” və ya başda ağırlıq hissi
Bu hisslər yeriyərkən, ayağa qalxarkən və ya başı hərəkət etdirərkən yarana və ya güclənə bilər, ürəkbulanma ilə müşayiət oluna bilər. Tutma bir neçə saniyədən bir neçə günə qədər davam edə və təkrarlana bilər.
Ataksiya nədir?
Ataksiya hərəkətlərin koordinasiyasının pozulmasıdır. Xəstə yeriyərkən yana əyilə, ayaqlarını düzgün yerləşdirə bilməyə, düz xətt üzrə yeriməkdə çətinlik çəkə və müvazinətini saxlaya bilməyə bilər. Ataksiya yalnız beyincik xəstəliklərində deyil, vestibulyar sistemin, onurğa beyninin və periferik sinirlərin zədələnməsində də müşahidə oluna bilər.
Hansı hallarda təcili müayinə lazımdır?
Əlamətlər saniyələr, dəqiqələr və ya saatlar ərzində başlayıbsa, xüsusilə xəstə qəfil yeriyə bilmirsə, müvazinətini saxlaya bilmirsə, ikiqat görmə, nitq pozğunluğu, udma çətinliyi, qol və ya ayaqda zəiflik varsa, ilk növbədə ciddi nevroloji səbəblər nəzərdən keçirilməlidir. Bunların arasında beyincik və ya beyin kötüyünün işemik insultu, həmçinin hemorragik insult mühüm yer tutur.
Qəfil başlayan, davamlı başgicəllənmə ilə yanaşı ciddi yerimə və koordinasiya pozğunluğu olduqda bunu sadəcə “qulaqdan gələn başgicəllənmə” kimi qəbul etmək düzgün deyil. Ürəkbulanma və qusma həm periferik, həm də mərkəzi vestibulyar xəstəliklərdə ola bilər, buna görə yalnız qusmanın olması insultu istisna etmir.
Vertiqoya səbəb olan bəzi xəstəliklər:
- BPPV (xoşxassəli pozisional vertiqo): başın müəyyən vəziyyətə gətirilməsi ilə qısamüddətli, təkrarlanan fırlanma tutmaları yarana bilər.
- Vestibulyar nevrit: adətən qəfil başlayan, uzunmüddətli vertiqo, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.
- Menyer xəstəliyi: başgicəllənmə ilə yanaşı qulaqda küy, qulaqda dolğunluq və eşitmə dəyişiklikləri müşahidə oluna bilər.